Son xəbərlər

Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib

ABŞ-a səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ABŞ Ştatlarının Kənd Təsərrüfatı Departamentləri Milli Assosiasiyasının (NASDA) baş icraçı direktoru Ted Makkinni arasında görüş keçirilib.

Görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatlar, dövlət proqramları, aqrar assosiasiyaların və kooperasiyaların fəaliyyəti, eləcə də kənd təsərrüfatı sahəsində dövlət-özəl tərəfdaşlığının inkişafı məsələləri müzakirə olunub.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, fermerlərin təşkilatlanmasının təşviqi, assosiasiyaların institusional potensialının gücləndirilməsi və onların kənd təsərrüfatının inkişafındakı rolu barədə məlumat verib. Nazir, həmçinin Azərbaycan ilə ABŞ arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, bu prosesdə aqrar assosiasiyaların iştirak imkanlarına toxunub. Məcnun Məmmədov qeyd edib ki, assosiasiyaların və kooperasiyaların inkişafı kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, fermerlərin maraqlarının qorunması, resurslardan daha optimal istifadə və onların bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nazir əlavə edib ki, müasir assosiasiya və kooperasiya modeli fermerlərin könüllü birliyi, qarşılıqlı maraqları və iqtisadi səmərəlilik prinsipləri əsasında formalaşır.

Nazir torpaqların konsolidasiyası məsələsinin də aqrar sektorun rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanda adambaşına düşən kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu şəraitində torpaq sahələrinin könüllü birləşdirilməsi və daha səmərəli idarə olunması iri həcmli, rəqabətqabiliyyətli təsərrüfatların formalaşmasına imkan yarada bilər. Diqqətə çatdırlıb ki, bu baxımdan torpaqların konsolidasiyası ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və Milli Məclis tərəfindən müvafiq qanunvericilik dəyişikliklərinin qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir.

NASDA-nın baş icraçı direktoru Ted Makkinni aqrar sahədə beynəlxalq tərəfdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, ABŞ-ın aqrar assosiasiyalarının formalaşması və fəaliyyəti sahəsində əldə etdiyi təcrübəni, institusional bilik və praktiki yanaşmaları Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduqlarını bildirib. Eyni zamanda, assosiasiyalarla dövlət qurumları arasında əməkdaşlığın, o cümlədən dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin inkişafı istiqamətində təcrübə mübadiləsinin və tövsiyələrin təqdim edilməsinin mümkünlüyü qeyd olunub.

Tərəflər aqrar assosiasiyaların institusional gücünün artırılması, fermerlərin təşkilatlanmasının təşviqi və Azərbaycan-ABŞ aqrar əməkdaşlığının genişləndirilməsi istiqamətində əlaqələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC