Son xəbərlər

“Aqroservis” ASC növbəti dəfə “Açıq qapı sərgi-satış yarmarkası” keçirir

"Aqroservis” Açıq Səhmdar Cəmiyyəti aprel ayının 15-də tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində növbəti “Açıq qapı sərgi-satış yarmarkası” keçirir.

Bu dəfə yarmarkada xaricdən gətirilən Simmental cinsli inəklərin və Murciana keçilərinin dövlət güzəşti ilə satışı həyata keçiriləcək. Yarmarkada fermerlər heyvanlara canlı baxış keçirə həmçinin, sərgi satış mərkəzində və auksionda hərraca qoşularaq da istədikləri heyvanları əldə edə bilərlər. Sərgi salonuna gələn ziyarətçilər, alıcılar, fermerlər ölkədə və Avropada satışda olan heyvanlar haqqında videoçarx və satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumatlar da alma imkanı var.

Bildirək ki, kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir ki, bu da bu müasir kompleksdə heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərdə operativlik və şəffaflıq təmin edilir.

Bu kimi yarmarka və sərgilərin keçirilməsinin əsas məqsədi xarici cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək,  ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.

Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə texnika, heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1659 satış mərkəzi də fəaliyyət göstərir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC